Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.

01 oktyabr 2024 | 12:44

1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 106-cı ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər prokurorluğunun təşkilatçılığı ilə tədbir keçirilib.

Öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər prokuroru Kamal Talıbov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, prokurorluq əməkdaşları şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, ehtiramlarını ifadə ediblər.

Sonra tədbir şəhər İcra Hakimiyyətinin iclas zalında davam edib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, dövlətimizin tərəqqisi naminə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti öz bəhrəsini verib. Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yenilənməsi istiqamətində məqsədyönlü addımlar atılıb.

Böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Bakı şəhərində keçirildiyini bildirən İlqar Abbasov, üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdıraraq, Yığıncağın regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını diqqətə çatdırıb.

Sonra çıxış edən Şirvan şəhər prokuroru Kamal Talıbov prokurorluq orqanlarında çalışan əməkdaşları və veteranları peşə bayramı münasibətilə təbrik edib, prokurorluq orqanlarında aparılan islahatlardan danışıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində məlumat verərək, Prezident cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Prokurorluğun beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində işin intensivləşməsi, prokurorluq əməkdaşlarının işlərini müasir standartlara uyğun qurmaları üçün geniş imkanlar açılıb. Azərbaycan Prokurorluğunun xarici ölkələrin prokurorluq orqanları, ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulması sahəsində çoxsaylı tədbirlər görülüb.

Daha sonra çıxış edənlər prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının müstəsna rolundan danışıblar.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər