Şirvanda "Qana dönən qərənfillər" adlı tamaşanın təqdimatı keçirilib.
Şirvan şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə idarə, müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilir, Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi ehtiramla yad edilir. 18 yanvar 2022-ci il tarixdə Şirvan şəhər Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunan, rejissor-ssenarist Firuzəxanım Abbasovanın hazırladığı "Qana dönən qərənfillər" adlı tamaşanın təqdimatı keçirilib. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet Qoşunlarının Bakıya girməsi və dinc əhalini qətlə yetirməsi nəticəsində Azərbaycan tarixinin qanlı səhifələrinə yazılan 20 Yanvar faciəsinin mahiyyəti və buna zəmin yaradan hadisələri əks etdirən tamaşa zalda əyləşənlər tərəfindən maraqla izlənilib və dərin təəssüratlar yaradıb. Sonda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Əziz Abbasov çıxış edərək, 20 Yanvar faciəsinin müstəqillik tariximizin unudulmaz səhifəsinə çevrildiyini, dövlətimizin və xalqımızın 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutduğunu, hər il Ümumxalq Hüzn günündə müqəddəs Şəhidlər Xiyabanına minlərlə soydaşımızın axın etdiyini və böyük izdihamla onları yad etdiyini diqqətə çatdırıblar. 33 il öncə xalqımızın yaşadığı Qanlı Yanvar faciəsinin hər il yeni ssenarilərlə səhnələşdirilməsinin vacibliyini qeyd ediblər. Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması və tariximizin öyrənilməsi baxımından bu cür tədbirlərin xüsusi əhəmiyyətini vurğulayıblar. "Qana dönən qərənfillər" tamaşasının hazırlanmasında əməyi olan yaradıcı kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Mətbuat xidməti