Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Qərbi Azərbaycan – Tarixi və Maarif Xadimləri” mövzusunda tədbir keçirildi

20 may 2025 | 18:13

Şirvan Şəhəri Heydər Əliyev Mərkəzinin, Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəliyinin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan – Tarixi və Maarif Xadimləri” mövzusunda tədbir keçirildi.

Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəliyinin üzvlərinin, şəhər ziyalılarının, Kollecin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olundu.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsi Barxudar Barxudarov qeyd etdi ki, Qərbi Azərbaycan təkcə coğrafi məkan deyil, bir xalqın tarixini, mədəniyyətini və kimliyini özündə ehtiva edir. XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı, İrəvan da Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olub. Azərbaycanın elm və mədəniyyət tarixinə “İrəvani” təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alim, ədəbiyyat və incəsənət xadimi var. Mirzə Qədim İrəvani (1825-1875), Mirzə Məhəmməd İrəvani (1718-1799), Fazil İrəvani (1782-1885), Mirzə Müslüm İrəvani (1755-1823), Dəlil İrəvani (1763-1817), Əbdülqasım İrəvani (1774-1823) və digər görkəmli şəxsiyyətlərin yaradıcılığı bunu bir daha təsdiq edir. İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin Şərq elmində, ədəbiyyatında, mədəniyyətində oynadığı müstəsna rolun təsiri bu gün də ədəbi-mədəni prosesdə hiss edilməkdədir.

Barxudar Barxudarov bildirdi ki, İrəvanda ilk qəza məktəbi 1832-ci il yanvarın 14-də açılmışdır. İrəvanda ilk qəza məktəbinin açılması bütövlükdə bölgədə qabaqcıl maarifçilik ideyalarının yayılmasında əhəmiyyətli dərəcədə rol oynamışdır. XIX əsrin 70-ci illərindən başlayaraq yeni üsulla tədris edən dünyəvi Azərbaycan məktəbləri İrəvanda (1880), Uluxanlıda (1881), Böyük Vedidə (1883), İmanşalıda (1883), Sürməli qəzasının Aralıx Baş kəndində (1884), Basarkeçərin Zod kəndində (1885), Çobankərədə (1890) və başqa bölgələrdə də açılaraq fəaliyyət göstərməyə başlamışdır. Dünyəvi məktəblərin getdikcə çoxalması həmin təhsil müəssisələrində müəllim kadrlarına olan tələbatı daha da artırırdı. Bunu nəzərə alaraq Rusiya Dövlət Şurasının 1880-ci il 20 oktyabr tarixli qərarına əsasən İrəvan Müəllimlər Seminariyası yaradılmış və 1918-ci ilə qədər fəaliyyət göstərmişdir.

Barxudar Barxudarov qeyd etdi ki, 1988-1989-cu tədris ilində Qərbi Azərbaycanda tədrisi Azərbaycan dilində aparılan 155 məktəb və 38 beynəlmiləl məktəblərdəki Azərbaycan bölmələri bağlanmış, 48.681 şagird və 3992 müəllim Ermənistandan zorakılıqla deportasiya edilmişdir.

Barxudar Barxudarov vurğuladı ki, Qərbi Azərbaycanda doğulmuş və Azərbaycan mədəniyyətinə, elminə, incəsənətinə, təhsilinə böyük töhfələr vermiş və dövlətçiliyinə ləyaqətlə xidmət etmiş çoxlu sayda azərbaycanlı var.

Tədbirdə çıxış edən Kollecin direktoru Xatirə Məlikova bildirdi ki, Qərbi Azərbaycan məsələsi həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin ölkəyə rəhbərlikləri dövründə dövlət siyasətinin vacib tərkib hissəsini təşkil etmişdir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmuşdur. Bu müharibə nəticəsində Azərbaycanın qazandığı Zəfər bölgədə yeni reallıq yaratmış və bu reallıq Qərbi Azərbaycandan zaman-zaman deportasiya edilən azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq arzusunun reallaşması üçün hüquqi zəmin formalaşdırmışdır. Hazırda Qərbi Azərbaycan İcması bu məsələnin beynəlxalq səviyyədə tanıdılması və sülh yolu ilə qayıdışın təmin olunması istiqamətində fəaliyyət göstərir.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsinin müavini Əziz Abbasov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin əməkdaşları Aidə Əsədova, Yeganə Müslümova, Gülnarə İbrahimova, Günel Abdullayeva öz çıxışlarında Qərbi Azərbaycanın tarixi, maarif və ziyalı mühiti, bu torpaqlardan çıxmış tanınmış şəxsiyyətlər, Şirvan şəhərinin Qərbi Azərbaycan ziyalıları – Vəli Ələkbərov, İsmayıl Barxudarov, Nəriman Həziyev, Mais Qarayev, Əsəd Barxudarov, Bulud Xanəliyev, Aqil Müslümov, Dursun Əliyev haqqında səmimi çıxışlar etdilər, uzun illər Şirvanda dövlət işində və təhsil sahəsində çalışan Vəli Ələkbərov haqqında videoçarxı seyr etdilər. Qonaqlardan 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva, Tamerlan Əliyev, Vüqar Müslümov çıxış edərək öz valideynləri və müəllimləri haqqında səmimi xatirələrini bölüşdülər. Kollec tələbələri ədəbi-bədii kompozisiyalarla çıxış edərək tədbirə rəng qatdılar. Müəllimlər Sevda Həsənova və Gülnar Abdullayevanın rəhbərliyi ilə hazırlanan xor kollektivi musiqi nömrələri ilə çıxış etdi. Sonda tədbir iştirakçıları Qərbi Azərbaycanın tarixini əks etdiən sərgiyə baxdılar.

Keçidlər