Şirvanda Ramazan bayramı münasibətilə şəhid ailələri və qazilər üçün iftar mərasimi təşkil edilib.
Milli Məclisin deputatı Heydər Əsədov Şirvan şəhərində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib.
Mərasimdə millət vəkili Heydər Əsədov, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icmaların və ictimai təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Heydər Əsədov Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. O, ölkəmizin bütün bölgələrində, o cümlədən Şirvan şəhərində açılan bu iftar süfrələrinin tolerantlıq ənənələrini nümayiş etdirdiyini vurğulayıb. Qeyd olunub ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitlik və inkişaf, həmçinin xalqımızın birlik və həmrəyliyi təmin olunub. Bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan duası ilə iftar süfrəsi açılıb.