Şirvanda “Şahin” hərbi-idman oyunları üzrə şəhər birinciliyi keçirilib.
Aprelin 10-da M.Osmanov adına 20 nömrəli tam orta məktəbdə şəhərin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunları üzrə birincilik keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman və Təhsil idarələrinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər birincilikdə iştirak edən komandalara uğurlar arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.
İştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Yekun nəticələrə əsasən qaliblər diplom və kubokla mükafatlandırılıb, I yerin sahibi “Şahin” hərbi-idman oyunlarının növbəti mərhələsinə vəsiqə qazanıb.