Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Şahin” hərbi-idman oyunları üzrə şəhər birinciliyi keçirilib.

17 aprel 2026 | 17:07

Aprelin 17-də M.Osmanov adına 20 nömrəli tam orta məktəbdə şəhərin ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunlarının şəhər birinciliyi keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər təhsil sektorunun müdiri Varis Qasımlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi ehtiramla yad edilib.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək bildirib ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşıda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaqdan, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının rolunun əvəzsiz olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər - YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər təhsil sektorunun müdiri Varis Qasımlı yeniyetmə və gənclərin hərbi-idman oyunlarına yüksək həvəslə hazırlaşmasını və yarışlarda fəal iştirakını yüksək qiymətləndiriblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrinin gənclər üçün örnək olduğu xüsusi vurğulanıb. Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının əsas məqsədi məktəblilərdə hərbi-vətənpərvərlik ruhunu gücləndirmək və onları gələcək hərbi xidmətə hazırlamaqdır. Həmçinin iştirakçılara uğurlar arzulanıb və onların daim Vətənin müdafiəsinə hazır olmalarının vacibliyi diqqətə çatdırılıb.

Çıxışlardan sonra komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması və mülki müdafiə hazırlığı üzrə bacarıqlarını nümayiş etdiriblər.

Keçidlər