Şirvanda şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları başa çatıb.
3 fevral 2024-cü il tarixində Şirvan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təsdiqlədiyi Şahmat yarışlarının illik təqvim planına əsasən 8,10,12,14 və 16 yaş qrupu şahmatçıların Azərbaycan çempionatının seçmə yarışlarına yekun vurulub.
Yarışın bağlanış mərasimində çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalib şahmatçıları təbrik edib, onlara gələcək yarışlarda yeni-yeni uğurlar və nailiyyətlər arzulayıblar.
Seçmə yarışlarda Bakı şəhəri istisna olmaqla, ölkənin 36 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun 284 yeniyetmə şahmatçı iştirak edib.
Hər yaş qrupunda yüksək nəticə göstərən şahmatçılar iyun ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.
Sonda yarışda fəal iştirak edən və ayrı-ayrı yaş qrupları üzrə şəxsi birincilikdə qalib gələn şahmatçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.