Şirvanda sakinlərlə növbəti səyyar görüş 4 nömrəli tam orta məktəbdə keçirilib.
6 aprel 2023-cü il tarixdə Şirvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən şəhər sakinləri ilə növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Səyyar görüşdən öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan bəhs edib. Pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirlərindən, dünyanın ən inkişaf etmiş ölkələrinin də çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanın pandemiyadan müvəffəqiyyətlə çıxmasından söz açıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət nümunələrindən, Azərbaycan xalqının istər cəbhədə, istərsə də beynəlxalq sferada haqq səsinin müdafiəsində ölkə başçısının qətiyyətindən, iradəsindən danışıb. 2 il müddətində heç bir sosial layihənin dayandırılmadığını, iqtisadi tempin yüksələn xətt üzrə inkişaf etdiyini, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini xatırladıb. Ölkəboyu həyata keçirilən işlərin davamı olaraq, Şirvan şəhər ərazisində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, küçələrin işıqlandırıldığını, 76 çoxmənzilli yaşayış binasının 73-də zirzəmilərindəki çirkab suların çəkilməsi işlərinin başa çatdırıldığını vurğulayıb. Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərindən, şəhid adların əbədiləşdirlməsi istiqamətində həyata keçirilən tədbirlərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Heydər Əliyev meydanının və Heydər Əliyev parkının əsaslı təmir olunduğunu, Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində də istirahət guşələrinin yaradılması ilə bağlı işlərə başlanıldığını qeyd edib. Görülən işlərin Şirvan şəhər sakinlərinin sosial rifah halının və həyat şəraitinin yüksəlməsinə xidmət etdiyini vurğulayıb. Milli Məclisin deputatı İltizam Yusifov hər həftə şəhər sakinləri və seçiçiləriilə görüşdüyünü, onların səsləndirdiyi problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında və Milli Məclisin iclaslarında məsələlərin qaldırıldığını diqqətə çatdırıb. Şəhər ərazisində icrası vacib olan məsələlər barədə Şəhər İcra Hakimiyyətinin rəsmi saytında məlumatın yerləşdirildiyini xatırladıb. Nəzərdə tutulan məsələlərin ardıcıl surətdə yaxın gələcəkdə həllini tapacağını vurğulayıb. Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların müraciətləri əsasən, işsizlik, yaşayış yeri, təmir, sosial yardım, yolların asvaltlanması və digər məsələlərlə bağlı olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti