Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda sakinlərlə növbəti səyyar görüş Bayramlı qəsəbəsində keçirilib.

26 aprel 2023 | 20:11

26 aprel 2023-cü il tarixdə Şirvan şəhəri, Bayramlı qəsəbəsində keçirilən şəhər sakinləri ilə növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Səyyar görüşdən öncə Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, dövlət müstəqilliyimizin möhkəmlənməsində və inkişafında misilsiz xidmətləri olan Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə başçısının 2023-cü ili “Heydər Əliyev İli” elan etməsinin əhəmiyyətindən və keçirilən tədbirlərdən bəhs edib. Ulu öndərin  siyasi varisi, ölkə başçıs cənab İlham Əliyevin dövlətimzin siyasi, iqtisadi, müdafiə qüdrətinin artırılması sahəsində gördüyü işlərdən danışıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, şirvanlı gənclərin də döyüşlərdə göstərdikləri şücaətdən, qəhrəmanlıq nümunələrindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin doğum və anım günlərinin qeyd edilməsinin ənənə halını aldığını, adlarının əbədiləşdirilməsi tədbirlərinin həyata keçirildiyini, əlamətdar və tarixi günlərdə, bayramlarda Şəhidlər xiyabanının şəhər rəhbərliyi tərəfindən ziyarət olunduğunu, şəhid ailələrinin problemləri mütəmadi maraqlanıldığını diqqətə çatdırıb. Vətən uğrunda şücaət göstərən əsgər və zabitlərimizin dövlət başçısı tərəfindən fəxri adlar, orden-medallarla təltif olunduğunu, müavinətlər təyin edildiyini, ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə  "Yaşat" Fondu yaradıldığını, yaralıların dünyanın ən müasir tibb müəssisələrində müalicə olunduğunu  vurğulayıb.  Şirvan şəhər Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin həyata keçirilməsinin və Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında Zəfər və Qarabağ xiyabanlarının, Zəfər abidəsinin yaradılmasının şəhidlərə sonsuz ehtiramın ifadəsi olduğunu qeyd edib. Allahdan şəhidlərə rəhmət, ailələrinə səbir diləyib. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, son illərdə qəbul edilən qanunlardan, vətəndaşların hüquqlarının təmin olunmasından, müraciətlərinin həllindən danışıb. Şəhər sakinləri və seçiciləri ilə mütəmadi görüşdüyünü, onların qaldırdığı problemlərin bir qisminin həll olunduğunu, bir sıra problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında, Milli Məclisin plenar iclaslarında məsələlərin qaldırıldığını görüş iştirakçılarının nəzərinə çatdırıb. Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların müraciətləri əsasən, maddi yardım, işsizlik, qaz və işıq xəttinin çəkilməsi, səhiyyə, işıqlandırma və digər məsələlərlə bağlı olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər. Səyyar görüşdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı qəsəbənin 103 yaşlı sakini İsgəndərova Minə Mirzəbaba qızını evində ziyarət edib, şəhərin ən yaşlı sakini ilə maraqlı söhbət edib, onun qayğıları ilə maraqlanıb. 

 

Mətbuat xidməti

Keçidlər