Şirvanda sakinlərlə növbəti səyyar görüş Hacıqəhrəmanlı qəsəbəsində keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq, 17 mart 2023-cü il tarixdə Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsində şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə dövlət müstəqilliyimizin memarı Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və xoş arzularını çatdırıb. Hacıqəhrəmanlı qəsəbə sakinlərinin də Qarabağ döyüşlərində iki şəhid verdiyini, Aprel döyüşlərinin şəhidi Ərəbli Rahilin və Vətən müharibəsinin şəhidi İsmayılzadə Şəhriyarın xatirələrinin əbədiləşdirildiyini və adlarının hər zaman uca tutulduğunu bildirib. Bütün şəhid ailələri kimi onların da ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Qızıl yataqlarının qanunsuz istismarına qarşı azərbaycanlı eko-fəalların və QHT təmsilçilərinin Laçın yolunda dinc etiraz aksiyasının qış fəsli ərzində və hələ də eyni coşqu ilə davam etdiyini xatırladıb. Azərbaycan xalqının istər cəbhədə, istərsə də beynəlxalq sferada haqq səsinin müdafiəsinə ölkə başçısının rəhbərlik etməsindən və əldə olunan uğurlardan danışıb. Dövlət büdcəsinin hər il oduğu kimi, bu il də sosialyönümlü xərclər üzərində təsdiqləndiyini qeyd edərək, ölkə iqtisadiyyatının möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Martın 15-də Diaqnostika Mərkəzində keçirilən səyyar görüşdə Şirvan şəhəri ərazisində icrası vacib olan 33 bəndən ibarət məsələlər barədə sakinlərə ətraflı məlumat verildiyini və həmin bəndlərin Şəhər İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirildiyini xatırladıb. Görülən işlərin Şirvan şəhər sakinlərinin sosial rifah halının və həyat şəraitinin yüksəlməsinə xidmət etdiyni vurğulayıb. Sonra vətəndaş məmnunluğunun artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə sakinlərə məlumat verib. Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların müraciətləri əsasən, qəsəbə ərazisində dayanacağın quraşdırılması, park və istirahət guşələrinin yaradılması, torpaqların sənədləşdirilməsi ilə bağlı problemin aradan qaldırıması, həkim məntəqəsinə həkim təyin olunması, sərnişin daşınması üçün nəqliyyat xəttinin verilməsi və digər məsələlərlə bağlı olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti