Şirvanda sakinlərlə növbəti səyyar görüş keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sentyabrın 24-də Şirvan şəhər 5 nömrəli ümumi orta məktəbdə səyyar görüş keçirib.
Görüşdə şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.
Görüşdən əvvəl 27 Sentyabr – Anım Gününə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizəni, xalqımızın qəhrəmanlıq salnaməsini və şəhidlərimizin əziz xatirəsini əks etdirən müxtəlif materiallar nümayiş olunub.
Görüşdə öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma işləri, infrastrukturun yenilənməsi istiqamətində görülən tədbirlər və qarşıda duran layihələr barədə məlumat verib.
Qeyd edib ki, şəhərin müxtəlif ərazilərində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması, küçələrin müasir işıqlandırma sistemi ilə təmin edilməsi, asfalt-beton örtüyünün yenilənməsi istiqamətində işlər davam etdirilir.
Həmçinin MİDA-nın “Yeni Şirvan” yaşayış kompleksi, digər infrastruktur layihələri, Kür çayının sahilində inşa olunan “Şirvan bulvarı”nın tikintisi ilə bağlı görülən işlər barədə məlumat verilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulan tədbirlər və şəhərin gələcək inkişafı ilə bağlı prioritetlər də diqqətə çatdırılıb.
Çıxışı zamanı İlqar Abbasov şəhərdə həyata keçirilən genişmiqyaslı layihələrin və görülən işlərin şəhərin sosial-iqtisadi inkişafına, infrastrukturun daha da müasirləşdirilməsinə və sakinlərin rifahının yüksəldilməsinə mühüm töhfə verəcəyini vurğulayaraq, Şirvan şəhərinin Azərbaycanın parlayan ulduzu olacağını qeyd edib.
Sonra müraciətlər dinlənilib, qaldırılan məsələlər aidiyyəti qurumların rəhbərləri ilə müzakirə olunub. Bəzi məsələlərə yerində aydınlıq gətirilib, əlavə araşdırma tələb edən müraciətlərin həlli ilə bağlı tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Görüş iştirakçıları müraciətlərinin dinlənilməsi və qaldırdıqları məsələlərə diqqətlə yanaşılmasından razılıqlarını bildirərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






