Şirvanda “Salam, cəmiyyət, biz də varıq !” adlı ekskursiya təşkil edilib.
19 mart 2023 | 20:59
Şirvan Şəhər İcra Hakimiyyətinin, Dövlət Arxivinin Şirvan filialının, “Daun sindromlu ailələrə dəstək” ictimai birliyinin birgə təşkilatçılığî ilə Şirvan şəhərinə Daun sindromlu uşaqların siyasi-ictimai və mədəni həyatda hərtərəfli rol almaları, cəmiyyətə adaptasiya olmaları məqsədilə “Salam, cəmiyyət, biz də varıq !” adlı ekskursiya təşkil edilib. Təşkil olunan ekskursiyada respublikamızın müxtəlif bölgələrindən olan 25 valideyn və onların daun sindromlu uşaqları iştirak ediblər. Dövlət Arxivinin Şirvan filialında uşaqlar əsl bayram ab-havası ilə qarşılanıblar. Milli eksponatlarımızdan ibarət Novruz guşəsinə, filialda mühafizə olunan Şirvan şəhidlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər. Onlar həmçinin yumurta döyüşdürüb, milli musiqilərimizin sədaları ilə rəqs ediblər. Uşaqlar rəngli boyalarla əl izlərini kağız üzərinə həkk edərək arxivə bu gündən xatirə qoyublar. Sonra Şirvan şəhərinin Arxiv mühafizəxanaları ilə tanış olublar. 19 yaşlı Hüseynli Pərvanə Valeh qızı öz əl işi olan rəsm əsərini Arxiv idarəsinə hədiyyə edib. 20 yaşlı İbadov Məhəmməd Zaur oğlu qeyd edib ki, onun bu günə qədər heç vaxt arxiv barədə anlayışı olmayıb.
Dövlət Arxivinin Şirvan filialı tərəfindən uşaqlara xatirə olaraq milli kuklalarımız hədiyyə olunub.
Dövlət Arxivinin Şirvan filialının direktoru Nəsibə Məmmədova çıxış edərək tədbirin təşkil olunmasında əsas məqsədin cəmiyyətin diqqətini bu problemə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaq olduğunu bildirib. Daun sindromlu uşaqların cəmiyyətdə qaynayıb qarışandan sonra müxtəlif vərdişlər qazandığını bu baxımdan onlara hərtərəfli dəstək olmağın vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, respublikamızda belə uşaqların sayı barədə dəqiq məlumat yoxdur. Rəsmi qeydiyyatlarda 500-ə yaxın, Qeyri Hökümət Təşkilatlarının qeydiyyatlarında 1000-dən çox Daun sindromlu uşaqların olduğu bildirilir. Valideynlər bu sindrom haqqında yetərincə maarifli olmadığı üçün çox ailələr belə uşaqların olduğunu gizlədir, onları qapalı şəraitdə böyüdür bu isə onların cəmiyyətdən təcrid olunmasına, mədəni inkişafdan geri qalmasına səbəb olur.
Şirvan Şəhər İcra Hakimiyyətinin böyük məsləhətçisi Rəfael Nəsirov çıxış edərək Şirvan şəhərində də bir qrup daun sindromlu uşaqların olduğunu, onların bəzilərinin şəhər tədbirlərində iştirakının təşkil olunduğunu diqqətə çatdırıb. Belə uşaqların cəmiyyətdən təcrid olunmasının yalnış olduğunu vurğulayaraq ailələri bu cür uşaqların inkişafı üçün cəmiyyətdə aktiv olmağa səsləyib
Psixo pedoqoq loqoped İncə Piriyeva çıxış edərək bildirib ki, Daun sindromlu uşaqların böyüdülməsində edilən səhvlərdən biri onların qapalı böyüdülməsidir. Bu cür böyüdülən uşaqlar cəmiyyətdə rol ala bilmirlər, utanırlar, sıxılırlar. Buna görə də belə tədbirlərin keçirilməsi olduqca vacibdir.
Daun sindromlu 12 yaşlı Leylanın anası Rüstəmova Ruqiyyə bu gün balalarına göstərilən diqqət və qayğının nəinki uşaqları , hətta valideynləri çox xoşbəxt etdiyini, belə tədbirlərin onlara özlərini dəyərli hiss etdirdiyini dilə gətirib.
“Daun sindromlu ailələrə dəstək” ictimai birliyinin sədri Sevda Məmmədova çıxış edərək tədbirin təşkilatçılarına dərin minnətdarlığını ifadə edib. O qeyd edib ki, Daun sindromlu uşaqların sosiallaşması üçün çox yerə müraciət etsələr də ilk olaraq səslərinə səs verən Şirvan şəhəri olub. Tədbirin 21 mart “ Dünya Daun Sindromlular” Fərqindəlik günü ərəfəsinə təsadüf etməsinin onlar üçün ikiqat bayram olmasını qeyd edib. Tədbirin təşkilatçılarına və iştirakçılara birliyin adından Fəxri diplom və Təşəkkürnamələr təqdim edib.
Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur xanım Fərzəliyevanın iştirakı ilə qonaqlara şəhərdə gəzinti təşkil olunub. Şəhidlər Xiyabanını yüksək vətənpərvərliklə ziyarət edən uşaqlar Zəfər abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər. Sonra şəhid məzarlarını ziyarət edərək qərənfillər düzüblər. Şəhidlərin ruhuna dualar oxuyublar. Uşaqların yüksək vətənpərliyi diqqət çəkib. Onlar şəhid məzarlarına qərənfil düzmək üçün sanki yarışa girirdilər. Məzarları öpür, əllərini açıb dualar oxuyurdular. Qonaqlar arasında Vətən müharibəsinin Qəbələdən olan şəhidi Ümman Əmraslanovun anası və daun sindromlu bacısı Nurcan da vardı. Nurcan uşaqlardan önə keçərək bütün şəhid məzarlarına qərənfil düzüb.
Gəzinti Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında davam etdirilib. Burada uşaqların hərtərəfli istirahəti və əyləncəsi təmin olunub. Sonda dünyanın “Günəş uşaqlar”ı adlandırılan bu balalar öz sevinc hisslərini rəngbərəng şarları günəşə doğru havaya buraxmaqla ifadə ediblər.
Mətbuat xidməti