Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhid Elçin Əliyevin xatirəsi anılıb.

16 noyabr 2025 | 12:13

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşları, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları şəhid Elçin Əliyevin və digər şəhidlərin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib.

Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhid ataları Alim Zülfüqarov, Rəhim Hüseynov qazanılan Tarixi Qələbədən və şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışıblar. Bildirilib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Vurğulanıb ki, şəhid Elçin Əliyev 11 dekabr 2002-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. 16 noyabr 2021-ci ildə hərbi xidməti zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb, Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə şəhid Elçin Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər