Şirvanda şəhid Manaflı Əli Əflan oğlunun anım günü qeyd edilib.
14.11.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan Şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər Şöbəsinin rəisi Akşin Xancanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, ictimai qurumların nümayəndələri Şirvan Şəhidlər Xiyabanında Manaflı Əlinin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, şəhidin xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Manaflı Əli Əflan oğlunun məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib. Belə şücaətli, qəhrəman övlad böyütdüklərinə görə onlara təşəkkürünü və minnətdarlığını bildirib. 44 gün davam edən Vətən Müharibəsində əsgər və zabitlərimizin göstərdiyi şücaətlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti, qalib ordunun müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın Vətən Müharibəsində Qələbənin təmin edilməsi istiqamətində fəaliyyətlərindən, Bakı şəhərində keçirilən Beynəlxalq Humanitar Forumlardan, dövlət xadimlərinin və dini liderlərin Zirvə toplantılarının əhəmiyyətindən danışıb, Beynəlxalq Təşkilatlarda Azərbaycanın tolerant, multikultural dəyərlərini, haqq səsini dünya ictimaiyyətinə çatdırdıqlarını, ölkəmizin ədalətli mövqeyinin müdafiə edildiyini qeyd edib. Bildirib ki, tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə və qüdrətə sahibdir. Bu qələbəni təmin edən şəhid və qazilərin dövlətimiz tərəfindən layiqincə dəyərləndirildiyini vurğulayıb. Möhtərəm Prezidentimizin sərəncamı ilə onların orden və medallara layiq görüldüyünü bildirib. Manaflı Əlinin də döyüşlərdə göstərdiyi şücaətin və qəhrəmanlığın ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bu qayğının Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq işğaldan azad edilən tarixi torpaqlarımızda aparılan abadlıq, quruculuq işlərindən, həyata keçirilən böyük layihələrdən danışıb. Bildirib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla qürür duyur, fəxr edir. Şəhər İcra Hakimiyyətinin başçısı şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı arzulayıb, şəhid ailələrinə səbir diləyib. DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan Şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər şöbəsinin rəisi Akşin Xancanov, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zeynalov, Din xadimi Vasif Əlizadə şəhid Manaflı Əlinin həyat yolundan, döyüşlərdə göstərdiyi şücaətlərdən danışıblar. Şəhid adının müqəddəsliyini və əzəmətini xüsusi qeyd ediblər. Ölkə başçısının cəbhədə və diplomatik fəaliyyətdə qazandığı uğurlardan bəhs ediblər. Şəhid Manaflı Əlinin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Sonra Şirvan şəhər məscidinin imamı Əvəz Mehrəliyev ölkəmizin müstəqlilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhuna dualar oxuyub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti