Şirvanda şəhid Zeynal Zülfüqarlının xatirəsi anılıb.
Oktyabrın 20-də Vətən müharibəsi şəhidi Zülfüqarlı Zeynal Alim oğlunun anım günü ilə əlaqədar Şəhidlər xiyabanında tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhid Zeynal Zülfüqarlının və digər şəhidlərin məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verərək səbir arzulayıb, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin nümayiş etdirdiyi qəhrəmanlıq, şücaət və fədakarlıqdan söz açıb. Bildirib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunacaq və onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.
İlqar Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. Şirvan şəhərində də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşıldığını, onların müraciət və problemlərinin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və digərləri Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətindən, şəhidlərimizin misilsiz qəhrəmanlığından bəhs ediblər. Çıxışlarda, həmçinin şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının və onların göstərdiyi fədakarlığın gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Şəhid atası Alim Zülfüqarov göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Zeynal Zülfüqarlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.






