Şirvanda şəhidin 40 mərasimi keçirilib 31.10.2023
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun polkovnik leytenantı Hüseynov Rəşad Rəhim oğlunun 40 mərasimi münasibətilə Şirvan şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Daxili Qoşunların polkovniki Rəşadət Süleymanov, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, hərbçilər, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Rəşad Hüseynovun doğmalarına dərin hüznlə başsağlığı verərək, Allahdan rəhmət diləyib. Bildirib ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhidlərini unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq. İlqar Abbasov bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik vətən həsrətinə son qoyulub. 44 günlük müharibəsindən sonra Ermənistanın kapitulyasiya Aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib. Bu əməliyyatlarla cəmi 23 saat ərzində terrorçular məhv edilib, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Qeyd edib ki, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızı ucaltmasını xalqımız iftixar və qürur hissi ilə izləyib.
Sonra çıxış edən Daxili Qoşunların polkovniki, hərbi hissə komandiri Rəşadət Süleymanov tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, antiterror əməliyyatının əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, şəhid Rəşad Hüseynovla bağlı xatirələrdən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açıb.
Daha sonra açılan ehsan süfrəsində şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Şəhidin doğmaları dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!