Şirvanda “Su ehtiyatlarımızı qoruyaq” adlı maarifləndirmə tədbiri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyul 2022-ci il tarixdə “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində “Su ehtiyatlarımızı qoruyaq” adlı maarifləndirmə tədbiri keçirilib. Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Emil Məcidov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Səbuhi Şərifov, Şirvan Sukanal İdarəsinin Təhlil şöbəsinin rəisi Şahmirzə Cəfərov, Şirvan Bələdiyyəsinin, İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Hacıqəhrəmanlı və Bayramlı qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsinin və Kommunal Kombinatı Müəssisəsinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər son illərdə ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında görülmüş mühüm işlər, bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə icra edilmiş iri layihələrdən bəhs ediblər. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafının sürətləndiyini, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sisteminin əhəmiyyətli dərəcədə yaxşılaşdığını və müasirləşdirildiyini bildiriblər. Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşdığını nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadənin və tullantılardan mühafizəsinin, şəhərdə su təchizatı sisteminin daha da yaxşılaşdırılması, ekosistemin inkişafı ilə uyğunluğunun təmin edilməsinin zəruriliyini qeyd ediblər. Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti qurumların qarşılıqlı əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Dövlət orqanları ilə yanaşı ictimaiyyətin də bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıblar. Mövzunun aktuallığını və gənclər arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyətini nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə şəhər ərazisində maarifləndirmə tədbirlərinə bundan sonra da önəm veriləcəyini qeyd ediblər.
Mətbuat xidməti