Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Su ehtiyatlarından səmərəli istifadə edək” adlı maarifləndirmə tədbiri keçirilib.

24 iyun 2022 | 13:09
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24 iyun 2022-ci il tarixdə 21 nömrəli tam orta məktəbdə “Su ehtiyatlarından səmərəli istifadə edək” adlı maariflənmə tədbiri keçirilib.
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Emil Məcidov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Aygün Dadaşova, Şirvan Sukanal İdarəsinin Metrologiya üzrə mühəndisi Zahid Muradov, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsinin və Kommunal Kombinatı Müəssisəsinin nümayəndələri, 21 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edənlər son illərdə ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında görülmüş mühüm işlər, bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə icra edilmiş iri layihələrdən bəhs ediblər. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafının sürətləndiyini, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sisteminin əhəmiyyətli dərəcədə yaxşılaşdığını və müasirləşdirildiyini bildiriblər. Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşdığını nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadənin və tullantılardan mühafizəsinin zəruriliyini qeyd ediblər. Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Dövlət orqanları ilə yanaşı ictimaiyyətin də bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıblar.
Mövzunun aktuallığını və gənc nəsil arasında maarifləndirmə işinin əhəmiyyətini nəzərə alaraq, su ehtiyatlarından səmərəli stifadənin təmin edilməsi ilə bağlı şəhər ərazisində maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.
 
Mətbuat xidməti
Keçidlər