Şirvanda Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib.
İyunun 5-də Şirvan Şəhər İcra Hakimiyyətində 5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbir çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya idarələrinin rəhbərləri və kollektivləri əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdıraraq, məsuliyyətli işlərində uğurlar arzulayıb. Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin su təsərrüfatı və meliorasiya işçilərinin əməyinə yüksək hörmət əlaməti olaraq 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli Sərəncamı su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanıb, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirib.
Xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyev ideyalarının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü, təxirəsalınmaz layihələrin həyata keçirildiyini qeyd edib.
Sonra Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimov çıxış edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və şəhər rəhbərliyinə kollektiv adından minnətdarlığını bildirib. Vurğulayıb ki, əhalinin içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq istiqamətində ardıcıl tədbirləri davam etdirəcək, mövcud meliorasiya, irriqasiya və su təchizatı sistemlərinin tikintisi, qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşılarına qoyulmuş vəzifələri vaxtında və layiqincə yerinə yetirilməsində daha səylə çalışacaq və bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəklər.
Sonda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə bir qrup işçiyə şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.