Şirvanda “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda tədbir təşkil olunub.
Mayın 25-də Şirvan Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan Regional Şöbəsinin və Şirvan şəhəri üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şirvan şəhər E.İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda məktəblilərlə görüş keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhəri üzrə Təhsil sektorunun müdiri Varis Qasımlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı Mirxan Muxtarov, 10 nömrəli məktəbin direktoru Zümrüd Əliyeva, hüquqşunas, ailə və sosial məsələlər üzrə ekspert Gülnar Səfərova iştirak ediblər.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxışında bildirib ki, təhsil insanın dünyagörüşünün formalaşmasında, bilik və bacarıqlarının inkişafında, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Təhsildən yayınma isə fərdin gələcəyinə mənfi təsir göstərməklə yanaşı, cəmiyyətin sosial inkişafına da mane olur.
Qeyd edib ki, təhsil alan gənclər milli-mənəvi dəyərləri, vətəndaşlıq məsuliyyətini və cəmiyyət qarşısında öhdəliklərini daha yaxşı dərk edir, təhsildən kənarda qalan şəxslərin isə əmək bazarında rəqabət qabiliyyəti azalır, iş imkanları məhdudlaşır və sosial rifah səviyyəsi zəifləyir. Bu baxımdan gənclərin təhsilə cəlb olunması, məktəbdən yayınma hallarının qarşısının alınması və maarifləndirmə işinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda vurğulayıb ki, valideynlər, müəllimlər və aidiyyəti qurumlar birgə fəaliyyət göstərərək gənclərin təhsilə marağını artırmalı, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmalıdırlar.
Sonra çıxış edənlər - Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhəri üzrə Təhsil sektorunun müdiri Varis Qasımlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı Mirxan Muxtarov, hüquqşunas, ailə və sosial məsələlər üzrə ekspert Gülnar Səfərova sağlam mənəvi dəyərlərin formalaşmasında təhsilin rolundan bəhs edərək, gənclərin bilikli, dünyagörüşlü və milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin iştirakçılara sözügedən məsələ barədə mövcud qanunvericilik aktları, erkən nikah və təhsildən yayınma hallarının uşaqların həyatında yaratdığı fəsadlar barədə məlumat verilib.
Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.






