Şirvanda Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçilməsinin 54-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
14 iyul 2023-cü il tarixində Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatında Şirvan Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi münasibətilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inkişafın başlandığı göz önündə idi. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İlqar Abbasov Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik, quruculuq siyasətinin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, müasir və müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu qeyd edərək, tədbir iştirakçılarını bu tarixi gün münasibətilə təbrik edib və dövlətimizin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əyilməz iradə” sənədli filmi nümayiş olunub. Daha sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Barxudar Barxudarov və YAP veteranı, əməkdar müəllim Paşa Nəbiyev Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat verərək, 1969-cu ilin 14 iyul tarixinin Azərbaycan xalqı və dövləti üçün adi bir təqvim gününü ifadə edən tarix deyil, Azərbaycanın dövlətçilik tarixinin mühüm dönüş nöqtələrindən biri, tərəqqi yolunun, intibahın və yüksəlişin başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunduğunu diqqətə çatdırıblar.