Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

14 iyul 2026 | 17:04

İyulun 14-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 14 iyul 1969-cu il – Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “Əbədi imza” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş foto-sərgiyə baxış keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətində davam edən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “Əbədi imza” mövzusunda məruzə ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, XX yüzillikdə milli tariximizin və taleyimizin bir çox dönüş anları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin adı və parlaq əməlləri ilə bağlı olmuşdur. Onun ölməz ideyaları, xalqımıza miras qoyduğu zəngin irs Azərbaycanın inkişaf salnaməsində əbədiyaşarlıq hüququ qazanmışdır. İllər sürətlə ötüb keçsə də, Heydər Əliyevin adı, onun misilsiz əməlləri xalqımızın və tarixin yaddaşından əsla silinməyəcək və Azərbaycan yaşadıqca Heydər Əliyev də var olacaq!

Qeyd edib ki, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı tarixidir. 

İlqar Abbasov vurğulayıb ki, böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.

Bildirib ki, dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır. Ulu Öndərin ən böyük arzusu olan Qarabağın azadlığı və Şuşanın dirçəldilməsi missiyası Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə gerçəkləşdi. Bu gün azad olunmuş torpaqlarda reallaşan hər bir yaşıl layihə, hər bir ağıllı şəhər dahi rəhbərin ruhuna ən böyük töhfədir.

Bu siyasi kursun ayrılmaz hissəsi kimi, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva da sosial, humanitar və mədəni sahələrdə genişmiqyaslı fəaliyyət göstərərək dövlət başçısının müəyyən etdiyi inkişaf xəttinə mühüm töhfələr verir. Onların birgə fəaliyyəti ölkəmizdə həm siyasi sabitliyi, həm də cəmiyyətin rifahını təmin edən güclü vəhdət nümunəsidir.

Sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, texnika üzrə fəlsəfə doktoru, əməkdar mühəndis İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, “Şirvan” qəzetinin baş redaktoru, Şirvan şəhər Ağsaqallar Şurasının sədri Fəxrəddin Rəhimov Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat verərək, 1969-cu ilin 14 iyul tarixinin Azərbaycanın dövlətçilik tarixinin mühüm dönüş nöqtələrindən biri, tərəqqi yolunun, intibahın və yüksəlişin başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunduğunu diqqətə çatdırıblar.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Əbədi imza” sənədli filmi nümayiş olunub.

Keçidlər