Şirvanda ulu öndər Heydər Əliyevin respublika rəhbəri seçilməsinin 53 illiyi silsilə tədbirlərlə qeyd edilib
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin respublika rəhbəri seçilməsinin 53 illiyi şəhərin idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlərlə qeyd edilib. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayevin, Milli Məclisin üzvü İltizam Yusifovun, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdulayevin, YAP Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanovun, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədovun, və digər hüquq-mühafizə orqanlarının, ictimai-siyasi qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən “Heydər Əliyev xalqımızın qürur mənbəyi, şərəf rəmzidir” mövzusunda elmi-nəzəri konfransın iştirakçıları öncə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan əzəmətli abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçilməsinin 53 illiyinə həsr olunmuş “Heydər Əliyev xalqımızın qürur mənbəyi, şərəf rəmzidir” mövzusunda elmi-nəzəri konfransı giriş sözü ilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev açıb. Mənalı, şərəfli ömrünü Azərbaycan xalqına və müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Milli Məclisin üzvü İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdulayev, YAP Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov çıxış edərək Azərbaycan xalqının qürur mənbəyi, şərəf rəmzi olan ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə ölkəmizin iqtisadi, mədəni inkişafına, beynəlxalq aləmdə nüfuzunun güclənməsinə, ordu quruculuğuna, torpaqlarımızın müdafiəsinə, iqtisadiyyatın yenidən qurulmasına xidmət edən yorulmaz fəaliyyətinin mühüm məqamlarından danışıb, xatirələrini bölüşüblər. Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər.
Mətbuat xidməti