Şirvanda Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar ölkəmizin bütün bölgələrində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına əsasən, 25 aprel 2023-cü il tarixdə Ümummili liderin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib. Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında təşkil olunan ağacəkmə aksiyasında Şəhər İcra Hakimiyyətinin əməkdaşları, YAP Şirvan şəhər təşkilatının fəalları, xidmət təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şirvan şəhər ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən zeytun ağacları əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib, tinglərin dibləri bərkidilib və suvarılıb. Qeyd edək ki, respublikamızın paytaxt və regionlarında olduğu kimi, Şirvan şəhərində də silsilə ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.
Mətbuat xidməti