Şirvanda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumşəhər tədbiri keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəsissələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan”, “Heydər Əliyev və Şirvan” foto-sərgilərinə baxış keçirilib.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və ümumilikdə ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkənin sosial-iqtisadi inkişafında və beynəlxalq arenada mövqelərinin gücləndirilməsində göstərdiyi müstəsna xidmətlərdən geniş bəhs edib. Bildirib ki, Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizin qorunmasına və inkişafına həsr etmiş nadir tarixi şəxsiyyətdir. Məhz dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinə görə hər bir azərbaycanlı öz qəlbində Heydər Əliyev abidəsi ucaldıb.
İlqar Abbasov Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu birinci və ikinci dövrlər üzrə Azərbaycanın qazandığı uğurların qısa müqayisəsini diqqətə çatdırıb. Qeyd edib ki, birinci dövrü potensialın yaradılması, ikinci dövrü isə bu potensialın milli dövlətçilik uğrunda həyata keçirilməsi mərhələsi kimi xarakterizə etmək olar.
Vurğulayıb ki, bu siyasi kurs bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov və müəllifi olduğu “Unudulmaz nəğməkar” adlı essedən bir hissəni diqqətə çatdıran Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimi, əməkdar müəllim Mehran Əhməd qızı Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir və müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin dövlətçilik irsi bu gün də yol göstərən ideoloji dayaq kimi yaşayır və xalqımızı daha böyük hədəflərə aparır.
Daha sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin tələbələri Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs edən “Millət atası” sənədli filmi nümayiş olunub.
Sonra ehsan süfrəsi açılıb, din xadimləri tərəfindən Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhlarına dualar oxunub.






