Şirvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi silsilə tədbirlərlə anılıb.
12 dekabr tarixində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi verilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, İH başçısı yanında Şuranın üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərlərinin, şəhid ailələri, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məruzə ilə çıxış edərək, qeyd edib ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan sabit inkişaf yoluna qədəm qoyub. Bu gün hər birimiz Ulu öndərin əziz xatirəsini böyük sevgi və hörmətlə anırıq. Ulu öndər Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas etdi. Azərbaycan xalqı ona güvəndi, ona inandı və bu gün Ulu öndərin layiqli davamçısı, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə bu böyük yolu uğurla davam etdirdiyini vurğulayıb.
Sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, pedaqoji elmlər doktoru, professor Akif Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid atası Alim Zülfüqarlı, müharibə veteranı Aslan Cəfərov Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir və müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıblar.
Tədbirdə Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs edən “Millət atası” filmi nümayiş olunub.
Sonda din xadimləri tərəfindən Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhlarına dualar oxunub.