Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Ürək Mərkəzi” fəaliyyətə başlayıb.

19 oktyabr 2023 | 22:31

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən regional “Ürək Mərkəzləri” layihəsi davam etdirilir.

Növbəti belə mərkəz Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb. Mərkəz 6 şəhər və rayon (Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala) üzrə kardioloji xəstələrə xidmət göstərəcək.

19 oktyabr tarixində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun iştirakı ilə Şirvan Ürək Mərkəzinin açılış mərasimi baş tutub.

Mərkəzdə invaziv kardiologiya, invaziv aritmologiya, ürək-damar cərrahiyyəsi kimi xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Belə ki, Mərkəzdə minimal invaziv və hibrid əməliyyatlar, anadangəlmə, eləcə də qazanılan ürək qüsurlarının müalicəsi, ürək ritminin pozğunluğunun invaziv yolla müalicəsi, müvəqqəti və daimi kardio stimulyatorların, implant edilə bilən defibrilyatorların implantasiyası və digər əməliyyatların həyata keçirilməsi mümkündür.

Mərkəzdə Angioqrafiya, Ürək cərrahiyyəsi, əməliyyatdan sonra xəstələrin təqibi üçün İntensiv terapiya və reanimasiya bölmələri fəaliyyət göstərəcək.

Mərkəzdə istifadə olunacaq “Siemens Artis Zeego” angioqrafiya cihazı istər koronar, istərsə də periferik damarlarda müayinə və müalicə prosedurlarının həyata keçirilməsini təmin edəcək.

Açılış mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, regionlarda ürək mərkəzlərinin yaradılmasında məqsəd ürək-damar xəstəliklərinin erkən aşkarlanmasını, o cümlədən yerli əhali üçün xidmət əlçatanlığını təmin etmək, keyfiyyətli tibbi xidmət göstərməklə qabaqcıl müalicə metodları əsasında ölüm hallarını minimallaşdırmaqdan ibarətdir.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açılış münasibətilə Mərkəzin əməkdaşlarını təbrik edib, həkimlər üçün gözəl şəraitin yaradıldığını, xəstələrin müalicə və müayinəsi üçün bütün imkanların olduğunu vurğulayaraq, tibb işçilərinə uğurlar arzulayıb.

Şirvan Ürək Mərkəzində Türkiyə, Rusiya və Almaniyada fəaliyyət göstərən, eləcə də ixtisasartırma kurslarında iştirak edən uzman kardioloq və ürək-damar cərrahları xidmət göstərəcəklər. Uzun müddət Almaniyada çalışan invaziv kardioloq Nicat İbrahimov da TƏBİB-in dəvətilə Şirvan Ürək Mərkəzində fəaliyyətə başlayıb.

Qeyd edək ki, Şirvan Ürək Mərkəzindəki xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstəriləcək.

Keçidlər