Şirvanda Vətən müharibəsi şəhidi Asif Qəribovun anım günü qeyd edilib.
Sentyabrın 30-da Şirvan şəhərindən olan şəhid Asif Səxavət oğlu Qəribovun anım günü münasibətilə xatirəsi anılıb.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Asif Qəribovun və digər şəhidlərin məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
Çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Zəfərin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhid Asif Qəribovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, ölkə rəhbərinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Sonra açılan ehsan süfrəsində şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhid Qəribov Asif Səxavət oğlu 10 sentyabr 2000-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 №li tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 27 sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan şəhid Asif Qəribov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Asif Qəribov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!