Şirvanda Vətən müharibəsi şəhidi Cavid Məmmədlinin xatirəsi anılıb.
Oktyabrın 4-də Şirvan şəhərindən olan şəhid Cavid Natiq oğlu Məmmədlinin Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
Anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının, eləcə də şəhərin idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Cavid Məmmədlinin və digər şəhidlərin məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov və şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Elvin Balayev şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıblar. Tarixi Zəfərin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını qeyd ediblər.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs ediblər.






