Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidi Elvin Şıxəliyevin xatirəsi anılıb.

14 oktyabr 2025 | 14:19

Oktyabrın 14-də Şəhidlər xiyabanında şəhid Elvin Sarvan oğlu Şıxəliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhid Elvin Şıxəliyevin və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən söhbət açıb.

Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs ediblər.

Qeyd edək ki, şəhid Elvin Şıxəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Keçidlər