Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidi Həsən Həsənovun xatirəsi anılıb.

03 oktyabr 2024 | 12:48

Oktyabrın 3-də Şirvan şəhərindən olan şəhid Həsən Rəhim oğlu Həsənovun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər məhkəməsinin sədri Etibar Hümbətov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhid Həsən Həsənovun və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

Çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Zəfərin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhid Həsən Həsənovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, ölkə rəhbərinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Sonra açılan ehsan süfrəsində şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Həsən Həsənov 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhər 2 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan şəhid Həsən Həsənov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Həsən Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Keçidlər