Şirvanda Vətən müharibəsi şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun doğum günü xatirəsi anılıb.
07 iyul 2022-ci il tarixdə Vətən müharibəsi şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun doğum günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məharət Mustafayev, İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər məscidinin imamı Əvəz Mehrəliyev, din xadimi Hacı Vasif, şəhidin ailə üzvləri, yaxınları, təhsil aldığı məktəbin müəllimləri və ictimaiyyət nümayəndələri öncə Şirvan Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Vətən müharibəsi şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun məzarı önündə keçirilən tədbiri giriş sözü ilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məharət Mustafayev açıb, şəhidin ailə üzvlərinə və bütün şəhid ailələrinə baş sağlığı verib, onlara şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun ürək sözlərini, ən xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyib. Ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və siyasi büro üzvlüyündən istefa verdikdən sonra ermənilərin ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etmələrindən, havadarlarının köməyi ilə tarixi torpaqlarımızı, Qarabağı və ətraf rayonlarımızı işğal edib, viran qoymalarından danışıb. Ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra cəbhədə atəşkəsə nail olmasından, həyata keçirdiyi islahatlardan, ordu quruculuğu sahəsində əldə olunan uğurlardan bəhs edib. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin hücum xarakterli diplomatiyası sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, daxili və xarici siyasətinin milli maraqlara xidmət etməsi, ordunun müdafiə qüdrətinin, kadr potensialının gücləndirilməsinin önəmini vurğulayıb. 27 sentyabr 2020-ci il tarixdə erməni təxribatlarına və təcavüzünə qarşı Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatı nəticəsində işğal altında olan tarixi torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsi, tarixi zəfərin əldə olunması barədə geniş məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərə, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində verilən dəyərin, göstərilən diqqət və qayğının yerlərdə də davam etdirildiyini qeyd edib. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Şirvan Şəhidlər Xiyabanında aparılan abadlıq, yenidənqurma işlərini, “Şəhid Anası” memorial abidə kompleksinin ucaldılmasını, yenidən qurulan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında “Zəfər” abidəsinin inşa edilməsini, “Qarabağ” və “Zəfər” xiyabanlarının salınmasını, Şirvan şəhərindən olan şəhidlərin hər birinin adına ağacların əkilməsini, şəhərin mərkəzi meydanında quraşdırılan müasir monitorda hər bir şəhidin fotoşəkli və barələrində məlumatın yerləşdirilməsini, şəhid adlarının əbədiləşdirilməsini, şəhid ailələrinə göstərilən maddi və mənəvi dəstəyin buna nümunə olduğunu qeyd edib.
Tədbirdə YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək şəhid Şəhriyar İsmayılzadənin zəhmətkeş ailədə böyüdüyünü, valideynləri tərəfindən əsl vətənpərvər ruhunda tərbiyə olunduğunu, şəhidlərin yetişməkdə olan gənc nəslə bundan sonra da nümunə olacağını qeyd edib, şəhərdə şəhidlərə və şəhid ailələrinə verilən dəyərdən, göstərilən diqqət və qayğıdan danışıb. Birinci Qarabağ müharibəsində şəhid olanların da məzarlarının üstünün şəhər rəhbərliyi tərəfindən qara mərmərdən götürüləcəyinin təqdirə layiq olduğunu və şəhidlərin yaxınları tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb.
Sonda şəhidlərin ruhuna dualar edilib, şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirib.
Mətbuat Xidməti