Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidi Kamran Fərəcovun xatirəsi anılıb.

29 oktyabr 2025 | 14:19

Oktyabrın 29-da Şəhidlər xiyabanında şəhid Kamran İlqar oğlu Fərəcovun anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Daxili Qoşunların Şirvan şəhərində yerləşən hərbi hissəsinin komandiri Rəşadət Süleymanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, Şirvan Şəhər Polis Şöbəsinin və SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhid Kamran Fərəcovun və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən söhbət açıb.

Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Daxili Qoşunların Şirvan şəhərində yerləşən hərbi hissəsinin komandiri Rəşadət Süleymanov, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid atası Rəhim Hüseynov Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar. Çıxışlarda bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib, şəhidlərin ailə üzvlərinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıyıdan danışılıb.

Qeyd edilib ki, şəhid  Kamran Fərəcov 1996-ci il fevralın 14-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 nömrəli tam orta məktəbi bitirib. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı Zəngilan, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 24 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. 29 oktyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Kamran Fərəcov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər