Şirvanda Vətən müharibəsi şəhidi Namiq Xəlilovun xatirəsi anılıb.
Oktyabrın 17-də Şəhidlər xiyabanında şəhid Xəlilov Namiq İlyas oğlunun anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Namiq Xəlilovun və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən söhbət açıb.
Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Sonra çıxış edən DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşları, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən və şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışıblar. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb.
Qeyd edək ki, şəhid Namiq Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “Şücaətə görə”, ”Füzulinin azad olunmasına görə”, ”Kəlbəcərin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif edilib.






