Şirvanda Vətən müharibəsi şəhidi Ramil Əliyevin xatirəsi anılıb.
Noyabrın 5-də Şəhidlər xiyabanında şəhid Ramil Vuqarəddin oğlu Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Ramil Əliyevin və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb, tarixi Zəfərin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib.
Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev , Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid ataları Alim Zülfüqarov, Rəhim Hüseynov tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən və şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışıblar. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb.
Tədbirdə həmçinin Birinci Qarabağ müharibəsi şəhidi Səlimov Hamlet Səlim oğlunun anım günü münasibətilə məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid Ramil Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən " “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






