Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidi Süleyman Bağırovun xatirəsi anılıb.

13 noyabr 2025 | 14:12

Noyabrın 13-də Şəhidlər xiyabanında şəhid Bağırov Süleyman Loğman oğlunun anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşları, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhid Süleyman Bağırovun və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək şəhidin ailə üzvlərinə səbir arzulayıb, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş meydanında göstərdikləri rəşadət və yüksək vətənpərvərlik nümunələrindən bəhs edib. İlqar Abbasov vurğulayıb ki, tarixi Zəfərin qazanılmasında canından keçən bütün igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq və heç vaxt unudulmayacaqdır.

Həmçinin qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları əsasında şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının müraciətinə həssaslıqla yanaşılır, onların sosial məsələlərinin həlli istiqamətində zəruri addımlar atılır.

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, Əməkdar jurnalist Tofiq Hüseyn, şəhid ataları Alim Zülfüqarov, Rəhim Hüseynov tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən və şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışıblar. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb.

Tədbirdə həmçinin Vətən müharibəsi şəhidi Elnur Qarayevin doğum günü münasibətilə məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Şəhid ailəsi üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Süleyman Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər