Şirvanda Vətən müharibəsinin şəhidi Elçin Əliqardaş oğlu Əliyevin doğum günü qeyd edilib.
10 dekabr 2022-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddində törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Azərbaycan Ordusunun əsgəri, Şirvan şəhər sakini Əliyev Elçin Əliqardaş oğlunun doğum günü şəhər rəhbərliyinin və şəhər sakinlərinin iştirakı ilə qeyd edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin məsul əməkdaşları, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri Şəhidlər Xiyabanında Əliyev Elçinin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 44 günluk Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu»nda birləşən hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışaraq bu gün hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söyləyib. Torpaqlarımızın işğaldan azad edilməsinin sevincini yaşamaqla bərabər, belə vətənpərvər, milli ruhlu gənclərimizin ölümündən kədərləndiyimizi, lakin eyni zamanda onlarla fəxr etdiyimizi bildirib. İlqar Abbasov Ulu Öndərin uğurlu siyasətindən bəhs edib. Ulu Öndərimizin əsasını qoyduğu, möhtərəm prezidentimizin daha da möhkəmlətdiyi bugünkü ordunun hazırda dünyanın 50 ən güclü orduları sırasında olduğunu diqqətə çatdırıb. O, II Qarabağ müharibəsinin yalnız səngərdə, silah əlimizdə düşmənlə üz-üzə raket atmaqla deyil, həmçinin dünya miqyasında cənab Prezidentin təkbaşına apardığı mübarizə nəticəsində müxtəlif ölkələrin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Ermənistanın iç üzünü açaraq, əsl həqiqətləri çəkinmədən deməsini, dünyanı susduraraq informasiya müharibəsinin tək qalibi olmağını xüsusilə xatırladıb. Ziyarət zamanı şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də mütəmadi davam etdirildiyini vurğulayıb.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, din xadimi Hacı Vasif və şəhid atası Alim Zülfüqarov çıxış edərək torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Əliyev Elçinin də daim qəlblərdə yaşayacağını və onun əziz xatirəsinin hər zaman hörmətlə yad ediləcəyini diqqətə çatdırıb.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti