Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsinin şəhidi Məmmədov Röyal Misil oğlunun anım günü qeyd olunub.

26 oktyabr 2022 | 17:02

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü“ ,“Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən şəhid Məmmədov Röyal Misil oğlunun anım günü 26 oktyabr 2022-ci il tarixdə Şirvan şəhərində qeyd olunub. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidi Röyal Məmmədovun anım günü münasibətilə məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin atası Misil Məmmədova Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbir diləyib. Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun, şücaətli oğullarımızın həyatları bahasına torpaqlarımızı​ işğalçılardan azad etdiyini diqqətə çatdırıb. Şirvanın qeyrətli oğlu şəhid​ Röyal Məmmədovun keçdiyi qısa və mənalı həyat yolundan bəhs edərək, belə qəhrəman oğullarımızla hər bir azərbaycanlının fəxr etdiyini bildirib. Şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını, hörmət və ehtiramla xatırlanacağını söyləyib. Tarixə adını qanıyla yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiklərini bildirib. Onların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını vurğulayıb. Röyalın döyüşlərdə göstərdiyi şücaətin və fədakarlığın ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini, ölümündən sonra bir neçə medalla təltif edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu siyasətin davamı olaraq Şirvan şəhərində də şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsi yüksək səviyyədə həyata keçirilir. Sonra çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif 44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarından bəhs ediblər. Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin hər bir Azərbaycan vətəndaşında müstəqilliyimizin əbədiliyinə, dövlətimizin sarsılmazlığına, vətənimizin bütövlüyünə əminlik yaratdığını bildiriblər. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Röyal Məmmədovun qısa, lakin şərəfli həyatı, şanlı döyüş yolu haqqında danışıblar. Şəhidin atası Misil Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Anım tədbirindən sonra şəhid Röyal Məmmədovun xatirəsinə ehsan süfrəsi təşkil edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Mətbuat xidməti

Keçidlər