Şirvanda Vətən müharibəsinin şəhidi Qarayev Elnur Qalib oğlunun anım günü qeyd edilib.
18 noyabr 2022-ci il tarixdə şəhidin anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri Şirvan şəhər Şəhidlər Xiyabanında Elnur Qarayevin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək Elnur Qarayevin ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə anasına təşəkkür edib və Allahdan ona səbir diləyib. Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb, canını fəda edənlərin əziz xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Dövlət başçısının və xanımının bu sahədə fəaliyyətinin hər bir dövlət qulluqçusuna örnək olduğunu diqqətə çatdırıb. Bildirib ki, haqq savaşında adını tariximizə qızıl hərflərlə həkk edənlər ən yüksək hörmət və ehtirama layiqdirlər. Qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla qürur duyur, fəxr edir. Daha sonra çıxış edən YAP Şirvan Şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə Xidmətinin həmkarlar ittifaqının sədri Nazim Məmmədov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Kamil Əhmədov, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zeynalov, din xadimi Vasif Əlizadə Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elnurun və onun silahdaşlarının xatirəsinin daim əziz tutulacağını, onların bizə həyatları bahasına ərmağan qoyduqları vətən torpaqlarının göz bəbəyi kimi qorunacağını söyləyiblər. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Elnur Qarayevin qısa, lakin şərəfli həyatı, şanlı döyüş yolu haqqında danışıblar. Şəhid adının müqəddəsliyini və əzəmətini xüsusi vurğulayıblar. Ölkə başçısının cəbhədə və diplomatik fəaliyyətdə qazandığı uğurlardan bəhs ediblər. Şəhidin anası Mahirə xanım çıxış edərək övladı ilə qürur duyduğunu bildirib və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Allah rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz!
Mətbuat xidməti