Şirvanda Vətən müharibəsinin şəhidi Ramil Vüqarəddin oğlu Əliyevin anım günü qeyd edilib.
05 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidi Ramil Vüqarəddin oğlu Əliyevin anım günü münasibətilə məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə anasına təşəkkür edib və Allahdan ona səbr diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyini, haqq-ədalətin bərpa olunduğunu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını bildirib. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığnı, bu qüruru bizə yatdığına görə şəhidlərimizə borclu olduğumuzu vurğulayıb. Vətən müharibəsində olduğu kimi xalqımızın bundan sonra da ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, düşmənin qorxulu kabusuna çevrilən Dəmir yumruq kimi möhkəmlik, həmrəylik nümayiş etdirəcəklərini qeyd edib. Şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını, hörmət və ehtiramla xatırlanacağını söyləyib. Onlar haqqında gələcəkdə filmlər çəkiləcəyini, kitablar yazılacağını vurğulayıb. Şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində məzarlarının ziyarət olunduğunu, onların ailələrinin daim diqqətdə saxlanıldığını, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlət səviyyəsində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Onların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını bildirib. Şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətin və fədakarlığın ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini, Şirvan şəhərindən 6 şəhidin ordenlə, digərlərinin medallarla təltif olunduğunu, 6 şəhidin adının küçələrə verildiyini qeyd edib. Şəhid ailələrinə göstərilən həssas münasibətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Sonra çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəisinin vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, Şirvan Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Sığorta şöbəsinin müdiri Zamin Fərziyev, din xadimi Hacı Vasif, Bakıdan, Şamaxıdan, Mingəçevirdən, Salyandan, Masallıdan gələn şəhid ailələri şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, yüksək amal, məqsəd uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlıqları sayəsində əldə olunan qələbənin xalqımıza böyük qürur və fəxarət hissi bəxş etdiyini vurğulayıblar. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Ramilin xatirəsinin daim əziz tutulacağını bildiriblər. Ramilin və bütün şəhidlərimizin hər zaman qəlblərdə yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıblar. Şəhidin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin bölgə qazisi Hacı Hüsnü vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti