Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsinin şəhidi Ramil Vüqarəddin oğlu Əliyevin doğum günü qeyd edilib.

09 dekabr 2022 | 18:36

09 dekabr  2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidi Ramil Vüqarəddin oğlu Əliyevin doğum günü münasibətilə məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu  bildirib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə anası Xuraman xanıma təşəkkür edib və Allahdan ona səbir diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan İcra başçısı həmin qələbədə payı olan Ramil kimi vətənpərvər, qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini qeyd edib. Şəhidlik zirvəsinə ucalan Ramilin təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu bildirib. Vurğulayıb ki, Şirvan şəhidlərinin hər birinin dəfnində onların valideynlərinin “Vətən sağ olsun” deməsi xalqımızın böyüklüyünün və qüdrətinin təcəsümüdür. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək qeyd edib  ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş rayonlara səfərləri, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı, praqmatik, konseptual, regiona ünvanlanmış və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətmizə inam və iftixar hissi yaradır. Cənnət Qarabağımızda aparılan quruculuq işlərinin şəhidlərimizin əziz xatirələrinə ehtiramın bariz nümunəsi olduğunu qeyd edib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif və şəhid atası Alim Zülfüqarov çıxış edərək  müqqəddəs amal uğruna canına fəda edən igidlərimiz  sayəsində 30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızın azad olunmasından  danışıblar. Xüsusi igidlik və şücaət göstərərək şanlı tariximizə əvəzsiz qəhrəmanlıq nümunələri yazan mərd, cəsur oğullarımızın adlarını hər zaman qürur və fəxr hissi ilə yad edəcəyimizi qeyd ediblər. Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin hər bir Azərbaycan vətəndaşında müstəqilliyimizin əbədiliyinə, dövlətimizin sarsılmazlığına, vətənimizin bütövlüyünə əminlik yaratdığını söyləyiblər. Bildiriblər ki, belə qəhrəman övladları olan xalq hər zaman qalib olacaq. Şəhidin anası Xuraman xanım oğlu ilə bağlı xoş xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 Mətbuat xidməti

Keçidlər