Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsinin şəhidi Şəmsəddin Aqil oğlu Vəliyevin anım günü qeyd olunub.

24 oktyabr 2022 | 14:30

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri  Vəliyev Şəmsəddin Aqil oğlunun anım günü 24 oktyabr 2022-ci il tarixdə Şirvan şəhərində qeyd olunub. Şəhid Şəmsəddin Aqil oğlu Vəliyevin anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Sabirabad rayonunun və Şirvan şəhərinin ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı qarşısında çıxış edərək belə mərd və şücaətli oğul böyütdükləri üçün valideynlərinə təşəkkür edib və  Allahdan onlara səbir diləyib.  Vəliyev Şəmsəddin Aqil oğlunun Sabirabad rayonunun Dadaşbəyli kəndində doğulub boya-başa çatmağına və hazırda doğmalarının orada yaşamağına baxmayaraq, valideynlərinin istəyi ilə Şirvan şəhərində izdihamla dəfn olunduğunu bildirib və bütün əlamətdar günlərdə şəhər rəhbərliyi və sakinlərin iştirakı ilə məzarının ziyarət edildiyini vurğulayıb. 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsində Müzəffər Ordumuzun və Qalib Ali Baş Komandanımız cənab İlham Əliyevin tarixi xidmətlərindən danışıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhidlərimizə və onların ailələrinə göstərilən ehtiramın hər bir azərbaycanlının mənəvi borcu olduğunu diqqətə çatdırıb. Torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, hər zaman qəlblərdə yaşayacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını söyləyib. Çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov,Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev Vətən müharibəsinin Azərbaycan gənclərində, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirməsindən, xalqımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşməsindən və xalqımızın 30 illik Vətən həsrətinə son qoyulmasından iftixarla danışıblar. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri  Vəliyev Şəmsəddin Aqil oğlunun keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açaraq bütün şəhidlərimizin əbədi ehtirama layiq olduğunu vurğulayıblar. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən Şəmsəddinin xatirəsinin daim əziz tutulacağını bildiriblər. Şəhid Şəmsəddin Vəliyevin valideynləri övladları ilə qürur duyduqlarını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident,  hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Mətbuat xidməti

Keçidlər