Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsinin şəhidi Vəliyev Şəmsəddin Aqil oğlunun doğum günü qeyd olunub.

22 yanvar 2023 | 16:44
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Şirvan şəhərində ənənə halını alıb. Ənənənin davamı olaraq Sabirabad rayonu Dadaşbəyli kəndində doğulub boya-başa çatan, Şirvan şəhərində dəfn olunan Vətən müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Vəliyev Şəmsəddin Aqil oğlunun doğum günü qeyd edilib.
​22 yanvar 2023-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Yeni Azərbaycan Partiyasının məsul əməkdaşları, Sabirabad rayonundan və Şirvan şəhərindən olan şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan şəhər Şəhidlər Xiyabanında Şəmsəddin Vəliyevin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev Şəmsəddin Vəliyevin məzarı önündə çıxış edərək şəhidin ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Hazırda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsindən, onların problemlərinin vaxtında həllinə nail olunmasından, Şirvanda da şəhid ailələri və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən bəhs edib. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında yaradılan Zəfər və Qarabağ xiyabanlarından, Şəhidlər Xiyabanında həyata keçirilən abadlıq-bərpa işlərindən danışıb. Bütün əlamətdar günlərdə şəhid məzarlarının ziyarət olunduğunu, onların xatirəsinin hər zaman hörmətlə yad edildiyini bildirib. Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını diqqətə çatdırıb.
​Sabirabaddan gələn şəhid atası Fəzail Cəfərov Vətən müharibəsində minlərlə gəncin könüllü olaraq səfərbərliyə toplandığını, lakin say məhduduiyyətini nəzərə alaraq onların yalnız bir qisminin cəbhəyə yola salındığını vurğulayıb və qeyd edib ki, həmin izdiham gənclərimizin necə vətənpərvər, cəsur, mərd olduğunu bir daha sübut etdi. Bildirib ki, 44 günlük müharibədə dünya bir qarış torpağımızı da düşmənə güzəştə getməyicəyimizə, bu yolda canınımızdan da keçəcəyimizə əmin oldu. Şəmsədin kimi oğulların qanının töküldüyü torpağı gələcək nəsillərin də eyni coşqu ilə qoruyacağına əmin olduğunu vurğulayıb.
​Din xadimi Hacı Vasif şəhid adının ucalığından, müqəddəsliyindən söz açaraq, onların ölmədiyini, Allah qatında diri olduqlarını diqqətə çatdırıb. Vətən müharibəsində gənclərimizin nümayiş etdirdikləri qəhrəmanlıq nümunələrinin gələcək nəsillərin vətənpərvər ruhda tərbiyəsində böyük rol oynayacağını bildirib. Qeyd edib ki, bundan sonra da xalqımız ölkə başçısının ətrafında sıx birləşərək dövlətimizin bütövlüyünün, inkişafının, güclənməsinin təminatına öz töhfəsini verəcəkdir.
​Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.
​Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
​Allah rəhmət eləsin!
​ ​ ​ ​ ​ ​ ​ ​
Mətbuat xidməti
Keçidlər