Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsinin şəhidi Xəqani Məmmədovun doğum günündə məzarı ziyarət olunub.

30 mart 2023 | 20:32

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn igidlərimizin doğum və anım günlərində onların məzarlarının ziyarət olunması Şirvan şəhərində ənənə halını alıb. Ənənənin davamı olaraq,  əslən Zəngilan rayonundan olan məcburi köçkün ailəsində dünyaya göz açan, Şirvan şəhərində doğulub boya-başa çatan Vətən müharibəsinin şəhidi Məmmədov Xəqani Füzuli oğlunun bu gün doğum günü qeyd edilib. 30 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri Musa Quliyev və İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, Şirvan şəhərinin və Zəngilan rayonunun ziyalıları, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvləri Şirvan şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər. Birinci Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidənin və  şəhid məzarlarının önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Xəqani Məmmədovun məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Əslən Zəngilandan olsa da, doğma el-obasını bir dəfə görməyən, amma Zəngilan uğrunda şəhid olan 19 yaşlı Xəqaninin qısa və şərəfli həyatının gələcək nəsillərə örnək olduğunu vurğulayıb. 44 günluk Vətən müharibəsində Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi şücaətdən söz açıb. Xəqaninin də döyüş yolunun və qəhrəmanlığının əbədi yaşayacağını qeyd edib. Bu gün hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla qürur duyduğunu söyləyib. Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısından bəhs edərək, yaralıların reabilitasiyası və sağalaraq yenidən cəmiyyətə inteqrasiyası üçün onların müasir tibb avadanlıqları ilə təmin olunmaları və dünyanın ən aparıcı tibb mərkəzlərində müalicə olunmaları üçün xüsusi diqqət göstərdiyini vurğulayıb. Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib. Onların adlarının əbədiləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görüldüyünü, Şirvanda Vətən müharibəsindən sonra Şəhidlər Xiyabanının yenidən qurulduğunu, “Şəhid anası” memorial abidə kompleksinin və “Zəfər abidəsi”nin quraşdırıldığını, adlarının küçələrə və sinif otaqlarına verildiyini, mütəmadi olaraq xatirələrinə həsr olunmuş anım tədbirərinin keçirildiyini  diqqətə çatdırıb. Şəhidlər Xiyabanının əlamətdar günlərdə ziyarət olunmasının, hər ayın sonuncu cümə axşamında şəhid ailələri ilə görüşlərin keçirilməsinin, onların qayğıları ilə yaxından maraqlanılmasının şəhid adlarına göstərilən etimadın təzahürü olduğunu bildirib. Sonra millət vəkilləri Musa Quliyev və İltizam Yusifov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid atası Alim Zülfüqarlı çıxış edərək, Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs ediblər. Şəhidlərin canından keçdiyi həmin andan etibarən təkcə valideynlərinin deyil, bütöv bir xalqın övladlarına çevrildiklərini qeyd ediblər. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Xəqanin xatirəsinin daim əziz tutulacağını bildiriblər. Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub. Şəhid Xəqani Məmmədovun valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Mətbuat xidməti

Keçidlər