Şirvanda “Vətənpərvərlik həftəliyi” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib.
24 iyun 2022 | 13:15
26 iyun “Silahlı Qüvvələr günü” münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 20 iyun-24 iyun 2022-ci il tarixləri arasında “Vətənpərvərlik həftəliyi” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib.
“Vətənpərvərlik həftəliyi” ərzində məktəblilər, tələbə gənclər Gənclər Evinə gələrək, 44 günlük Vətən müharibəsinə, Aprel döyüşlərinə, Vətən müharibəsi şəhidlərinə, Şirvan şəhərinin Milli Qəhrəmanlarına həsr olunmuş guşələrlə, o cümlədən hərbi formaların, buklet və kitabçaların, kitabların, gənclərin vətənpərvərlik mövzusunda hazırladığı əl işləri və rəsmlərin nümayiş olunduğu Vətənpərvərlik otağı ilə tanış olublar. Gənclərə 26 iyun Silahlı Qüvvələr günü, respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər, Azərbaycan ordusunun keçdiyi tarixi yol haqqında geniş məlumat verilib.
“Vətənpərvərlik həftəliyi” layihəsi çərçivəsində poster müsabiqəsi, “Müzəffər ordu, müzəffər xalq” mövzusunda seminar, Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil olunub.
Ziyarətçilərə Gənclər Evi tərəfindən hazırlanmış 44 günlük Vətən müharibəsinin gündəliyini əks etdirən videoçarx və “Zəfər” videoları nümayiş olunub.
Həmçinin “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin Kompüter dərnəyinin təşkilatçılığı ilə şəhid ailəri və onların yaxınları üçün təşkil olunan kompüter dərslərini uğurla başa vuran gənclər sertifikatla təltif olunublar.
26 iyun “Silahlı Qüvvələr günü” münasibətilə “Vətənpərvərlik həftəliyi” layihəsində ümumilikdə 200 nəfərə yaxın gənc iştirak edib.
Mətbuat xidməti