Şirvanda xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
8 Noyabr - Zəfər Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarları üzərinə və Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin önünə tər güllər düzərək, onların xatirəsinə ehtiramlarını ifadə edib, şəhid analarının şərəfinə ucalan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət ediblər.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri şəhərin el qəbiristanlığında uyuyan şəhidlərin məzarlarını, həmçinin Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstlərini ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.
Daha sonra Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun məzarüstü abidəsi ziyarət edilərək, önünə tər güllər düzülüb.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!