Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

26 fevral 2023 | 19:08

26 fevral 2023-cü il tarixdə Bakı vaxtı ilə saat 17:00-da respublikamızın  bütün ərazisində olduğu kimi Şirvan şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmin anda şəhərin küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Azərbaycan Respublikasının dövlət bayraqları endirilib.
Şəhər sakinləri, ictimaiyyət nümayəndələri gün ərzində Şəhidlər Xiyabanına axışıblar. "Şəhid anası" memorial abidə kompleksinin qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə yaradılan lövhəni ziyarət edərək abidənin önünə qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Mərasimdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı faciəsinin dəhşətli məqamlarından bəhs ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox ölkələrində keçirilən "Xocalıya ədalət!" kampaniyasının əhəmiyyətindən danışıblar. Həlak olanlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.  Qeyd edək ki, 1992-ci ilin fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərdən 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 155-nin taleyi hələ də məlum deyil.
Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti isə 1994-cü ilin fevralında Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev tərəfindən verilib. Hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilməyə başlayıb. Həmin vaxtdan hər il fevralın 26-da saat 17:00-da bütün ölkə ərazisində şəhid xocalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Allah Xocalı qurbanları ilə birlikdə bütün şəhidlərimizə rəhmət eləsin!

 

Mətbuat xidməti

Keçidlər