Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Xocalı soyqırımının qurbanları yad edilib.

26 fevral 2025 | 18:44

Fevralın 26-da Şirvan şəhər Şəhidlər xiyabanında Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, önünə gül dəstələri düzülərək, ruhlarına dualar oxunub. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov şəhid ailə üzvləri, yaxınları ilə görüşüb, onlara Allahdan səbir diləyib.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsinin önündə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinə divan tutduğunu, uşaq, qadın və qocalara rəhm etmədiklərini, Xocalıda misli görünməmiş qətliam törətdiklərini bildirərək, bu faciənin xalqımızı dərindən yaraladığını, ancaq xalqın milli iradəsini, azadlıq eşqini sarsıda bilmədiyini vurğulayıb.

Uzun illər Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, onun soyqırım kimi tanıdılması istiqamətində sistemli iş aparılmasının, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri Xocalı faciəsinin soyqırım aktı kimi təsbit edilməsinin və dünyaya tanıdılmasının məhz Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olduğunu qeyd edib.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğunu qeyd edən İlqar Abbasov Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımızda üçrəngli dövlət bayrağımızın dalğalandığını, bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisasının döyüş meydanında alındığını və şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən şəhid atası Alim Zülfüqarlı Xocalı faciəsinin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edərək, faciə zamanı baş verən işgəncələrdən və ağlasığmaz erməni vəhşiliklərindən, törədilən cinayətlərdən danışıb.

Tədbirdə Şirvan şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!                                                          

Keçidlər