Şirvanda Xocalı soyqırımının qurbanları yad edilib.
Fevralın 26-da Şirvan şəhər Şəhidlər xiyabanında Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, önünə gül dəstələri düzülərək, ruhlarına dualar oxunub. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov şəhid ailə üzvləri, yaxınları ilə görüşüb, onlara Allahdan səbir diləyib.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsinin önündə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu qeyd edərək, bu faciənin xalqımızı dərindən yaraladığını, ancaq xalqın milli iradəsini, azadlıq eşqini sarsıda bilmədiyini vurğulayıb.
Uzun illər Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, onun soyqırım kimi tanıdılması istiqamətində sistemli iş aparılmasının, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri Xocalı faciəsinin soyqırım aktı kimi təsbit edilməsinin və dünyaya tanıdılmasının məhz Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olduğunu qeyd edib.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayının 19-20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunduğunu, Xocalı qurbanlarının qisasının alındığını və şəhidlərimizin qanının yerdə qalmadığı diqqətə çatdırıb.
Sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid atası Alim Zülfüqarlı xalqımızın milli yaddaşına həkk olunmuş Xocalı soyqırımının unudulmadığını, daim xatırlandığını bildirərək, faciə zamanı baş verən işgəncələrdən, ağlasığmaz erməni vəhşiliklərindən, törədilən cinayətlərdən danışıblar.
Qeyd olunub ki, dövlətimiz şəhid ailələrinə, müharibə iştirakçılarına və Xocalı sakinlərinə daim diqqət və qayğı ilə yanaşır. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər davam etdirilir.
Tədbirdə Şirvan şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən, qatarlardan səs siqnalları verilib.
Həmçinin şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı olduğu kimi, fevral ayının sonuncu cümə axşamı Şəhidlər xiyabanında şəhid ailələrinin üzvləri ilə görüşüb, onları narahat edən problemlərlə maraqlanıb, həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






