Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda YAP-ın təsis olunmasının 32-ci ildönümünə həsr edilən tədbir keçirilib.

21 noyabr 2024 | 20:13

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, idarə və müəssisələrin rəhbərləri, ərazi partiya təşkilat sədrləri, partiya fəalları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

YAP Şirvan şəhər təşkilatının inzibati binasında davam etdirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söz açıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Partiyanın bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını vurğulayan Zahir Qəhrəmanov bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olduğunu sübuta yetirmişdir.

Bildirib ki, YAP Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, həmçinin ictimai-siyasi həyatında həlledici rol oynayır. Son prezident və növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qazandığı qələbə ilə partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını vurğulayan İlqar Abbasov bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, əldə olunan naliyyətlərindən bəhs edərək, tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə təbrik edib.

Qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ulu Öndərin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Sonra şəhid anası Sevinc Hümbətova, partiya veteranları Nəriman Şahbazov və Adəm Hüseynov, ərazi partiya təşkilatının sədri Zaman Verdiyev, müharibə iştirakçısı Elvin Abbasov, partiya üzvü Fəridə Yahyayeva çıxış edərək, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, ölkəmizin hər bir uğuruna töhfəsindən, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik edib, onlara uğurlar arzulayıblar.

Daha sonra yüksək siyasi fəallığı ilə seçilən partiya üzvləri Fəxri Fərmanlarla təltif olunub, hədiyyələr təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Keçidlər